MƏZARLIQDAN HİDAYƏTƏ...

Hayal VİDADİOĞLU

26-05-2022 11:22


Hava yavaş-yavaş qaranlıqlaşmağa doğru gedirdi. İsmayıl işdən yeni çıxmışdı, Xırdalan qəbiistanlığına taksi sifariş verdi. Taksiyə əyləşəndən sonra havanın qaranlıqlaşmağa doğru getdiyindən olmalıydı ki, sürücü bu vaxt kimsənin qəbirstanlığa getməyəcəyini düşünüb sual verdi:

-Xırdalan qəbirstanlığına gedəcəyinizi qeyd etmisiniz, yəqin qəbirstanlığın yaxınlıqlarında bir yerədir səfəriniz. Hansı tərəf sizə uyğun olar?

-Elə qəbirstanlığın özünə gedirəm.

-Hmm...

 İsmayıl sürücünün təəccübünün fərqinə vararaq biraz fərqli söhbətə keçdi. Yol sıxlıq idi, biraz danışandan sonra susmağı seçən İsmayıl düşüncələrə daldı...Olduqca dərin düşüncələr qucağında keçmişə getdi birdən...

  İsmayıl qəbirstana əmisinin məzarını ziyarətə gedirdi, əmisi öləndən sonra ilk dəfə idi məzarına gedirdi. İçini qəribə hislər bürümüşdü. Atasını uşaq vaxtından itirən İsmayıl atasının qoxusunu nənəsindən, babasından, əmisindən alardı. Uşaqlıqdan bu yana dost kimi böyümüşdü əmisiylə. Əmisi əmi olmaqdan ziyadə İsmayılın hər dərdini bölüşdüyü dostu, sirdaşı, həmdəmi olmuşdu adəta. Yedikləri içdikləri bir idi. Kimsəyə deyə bilmədiyi sirrini belə çəkinmədən əmisi ilə bölüşəcək qədər yaxın idilər. Çox vaxt gecələri babası gildə qalan İsmayıl səhərə qədər əmisiynən söhbət edir, deyib gülür, dərdləşirdilər. Əmisinin də övladı olmadığından o da bütün meylini İsmayıla salmışdı. 

  Lakin ölümündən bir neçə il əvvəl içkiyə qurşanan əmisinin arası İsmayılla da köhnə vaxtlardakı kimi deyildi, tez-tez içir, dalaşır, içi İsmayıl qarışıq kimsəylə yola getmirdi. Əmisinin bu halına ürək yanğısı keçirən İsmayıl hər nə qədər əmisiylə söhbət eləmişdisə də faydası olmamışdı. Və sonunda olan oldu, ölümündən bir neçə ay qabaq İsmayılla bərk dalaşmış, el diliylə desək aradan pərdə qalxmışdı. Bu səbəbdən ölüm anında əmisinin yanında ola bilməmiş, illərlə meylini saldığı, özünə həmdəm bildiyi, çox sevdiyi və atasının qoxusunu aldığı əmisindən küsülü halda ayrılmışdı. Ölümün bu yaxın zamanda çata biləcəyini nə biləydi ki?... Hardan biləydi illərlə can deyib can eşitdiyi, əmidən ziyadə dost bildiyi insanın son anında yanında ola bilməyəcəyini?... Bütün bu fikirlər İsmayılın ürəyində sönə bilməyən közə çevrilirdi. Çünki illərlə həyəcan dolu hislərlə gedirdi əmisini ziyarətə. Müzakirə ediləcək mövzuları müzakirə etməyə, fikirlər bölüşməyə, dərdləşməyə gedirdi. Kefi yaxşı olsun, pis olsun gedəcəyi ünvanı əmisinin yanı idi. Atasından darıxdımı baş vuracağı ünvan bəlli idi İsmayılın. Çünki atası haqqında qəlb qızdırıb danışacağı, hislərini, həsrətini bölüşəcək dostu, onu ən gözəl şəkildə anlayacaq insan idi əmisi. Əmisinin dilindən atasının cavanlığını, uşaqlığını da dinləməkdən doymazdı...Artıq o əmisi yox idi, həm də qırğın şəkildə ayrılmışdılar bir-birindən...İllərlə həyəcan içində ziyarət etdiyi əmisini yenə ziyarətə gedirdi, ancaq bu səfər ziyarət edəcəyi əmisinin məzarı olacaqdı. Hansıki artıq bir daha dərdləşə bilməyəcəyi, atası haqqında hislərini bölüşə bilməyəcəyi, qəlbinin dərinindəki yaralardan danışa bilməyəcəyi bir məzar...Qəlbindəki yaraya bir yara da əlavə olunmuşdu hələ...O yaranı açansa vaxtilə yaralarına məlhəm olan əmisinin özü idi bu səfər...

  İsmayıl bu düşüncələrə necə dalmışdısa qəbirstana çatdığının fərqinə belə varmamışdı. Elə bu zaman sürücünün səsi İsmayılı düşüncələrindən ayırdı:

  -Çatdıq qardaş. İçəri girəcəyik?

  -Bəli.

  Əmisi ailə məzarlığında dəfn edilmişdi. Odur ki, İsmayıl daha əvvəllər dəfələrlə gəldiyi, hal-hazırda da əmisinin dəfn edildiyi bu yeri yaxşı tanıyırdı. Maşından düşdü və ailə məzarlığına daxil oldu...Asta-asta addımlarla getdi və əmisinin qəbrinin qarşısında dayandı. Qəbrin üstünə əmisinin şəkli vurulmuşdu, ilk baxışdan yenə qəribə hislər bürüdü içini. Düz əmisinin məzarının yanında bir məzar daha vardı...O da elə İsmayılın uşaqlıq dostu, birgə böyüdüyü Ədalətin məzarı idi. İki dostunun məzarı önündə durdu, baxdı...Yenə düşüncələr bürümüşdü İsmayılı...Səssiz və kimsəsiz məzarlıqda birdən hönkürtü ilə ağlamağa başladı. İçində alovlanan yanğının insan hislərinə bürünmüş tüstüsü idi İsmayılın hönkürtüsü... Dayanmadan ağlayırdı İsmayıl, hönkürtü ilə ağlayır və əmisinə uca səslə bütün incikliyini, içindəkiləri hayqırırdı. Uca səslə ağlayır, uca səslə səslənirdi əmisinə və uşaqlıq dostu Ədalətə...İkisinin də onu eşidə bilməyəcəklərini bilə-bilə...Dayanmadan, hıçqıra-hıçqıra ağlayır, aylardı ürəyində düyünlənmiş acısını boşaldırdı elə bil...Və kənardan qəfil bir səs gəldi:

  -Allahın rəhmətindən və ədalətindən çoxmu ümidini üzmüsən cavan oğlan?...

  İsmayıl qəfil geriyə, səs gələn tərəfə çevrildi. Arxasında yaşlı bir kişi dayanmışdı. İsmayıl əvvəlcə qorxdu və ayağa qalxdı. Nə deyəcəyini bilmədən təəccüblə yaşlı kişiyə baxıb durdu. Ağ saqqallı, köhnə də olsa səliqəli geyimdə yaşlı bir kişiydi İsmayıla səslənən. Əlində bir kitab tutmuşdu, lakin zahiri görkəmindən və halından qəbirstan mollası olmadığı da bəlliydi. Kişinin simasında sakit bir ifadə vardı...Yaşlı kişi təkrar sual verdi:

  - Allahın rəhmətindən və ədalətindən bu qədər ümid üzülərmi cavan oğlan?...

  İsmayıl özünü ələ aldı və bir az qəzəbli bir tonla "Allahın rəhmətindən və ədalətindən ümidimi üzdüyümü kim dedi?" deyə cavab verdi.

  Yaşlı kişi sakit və soyuqqanlı addımlarla məzarlıqdakı daşın üstündə oturdu, əlindəki kitabı yanındakı digər daşın üstünə qoyub nəsə fikirləşməyə başladı. İsmayıl kitaba nəzər saldı, üstündə "Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi" yazılmışdı. İsmayıl Quran kitabından yaşlı adamın molla ola biləcəyini düşünüb soruşdu:

  - Burda işləyirsiniz?

  - Burda nə işləyə bilərəm ki, cavan oğlan? - deyə gülümsəyərək cavab verdi yaşlı adam.

  - Yəni mollasınız?

  - Yox...

  - Hmm...

  Kitabı göstərərək sual verdi İsmayıl:

  - Deməli ölmüş yaxınlarınıza Quran oxumağa gəlmisiniz...

  - Yaxınlarıma Quran oxumaq istəsəm niyə məzarlarına gəlim cavan oğlan? Quran oxumaq istəyəndə məzarda olanlara deyil, hələ diri olub hidayət şansı olanlara gedib oxuyuram. Dirilər üçün nazil olmuş, dirilər üçün hidayət rəhbəri olacaq kitabı nə səbəbə ölülərə oxuyum?

  Cavab İsmayılı təəccubləndirsə də üstündə çox durmadı və yenə başqa bir suala keçdi:

  - Anladım... Məzarlığa kimin üçün gəlmisiniz? Ölən yaxınınızdır?

  - Bu məzarlıqda dəfn edilmiş bir yaxınım yoxdu, sadəcə evimə ən yaxın məzarlıq bu məzarlıqdı. Hər dəfə elə özümçün gəlirəm məzarlığa, Quranı da özümə oxuyuram. 

  İsmayılı təəccüb bürümüşdü. Önündəki yaşlı kişi halı və cavabları ilə fərqli insan təəssüratı bağışlayırdı. Biraz susduqdan sonra İsmayıl təkrar soruşdu:

  - Heç bir yaxınınızın məzarını ziyarətə gəlmədiyinizi, burda işləmədiyinizi, lakin qəbirstana özünüz üçün gəldiyinizi dediniz dayı. İnsan ölmədən öncə özü üçün nə səbəbə gələ bilər ki, qəbirstana?

  - Bax cavan oğlan, Allahın Rəsulu Hz.Muhamməd (Allahın salamı olsun onun üzərinə) "qəbirstana tez-tez gedib ölümü təfəkkür edin" deyə əmr etmişdir. Bu səbəbdən qəbirstana tez-tez gəlirəm, gənc vaxtlarımda abu havasıyla məni sıxan qəbirstanlıq indi mənə hüzur verir, çünki burda məzarlara baxır və ölüm həqiqətinin daha yaxından fərqinə varıram. Uca Allahın kitabında bizlərə bildirdiyi kimi bu dünyanın necə oyun-oyuncaq olduğu məzarlar arasından daha aydın görünür. Və daha yəqin və daha açıq şəkildə anlayıram ki, Rəbbimizə sağlam əqidə və saleh əməl xaricində aparacağımız başqa bir şeyimiz olmayacaq...

  İsmayıl yaşlı dayını dinləyirdi və artıq önündəki insanın həqiqətən də dəyişik və fərqli biri olduğuna yəqinliklə inanmağa başlayırdı . Çünki rahatlığın əyləncədə, klublarda, istirahət mərkəzlərində axtarıldığı, ölümü düşünərək deyil, ölüm həqiqətini düşünməkdən qaçaraq hüzurun axtarıldığı bir dünyada, ölüm həqiqətini daha şüurlu şəkildə idrak edə bilmək üçün məzarlığa üz tutan bir insan vardı önündə. Əlindəki Quranı da ölülərə deyil, diriləri ziyarət edərək dirilərə oxuyan bir insandı bu yaşlı dayı. Bu səfər sükutu yaşlı dayı pozdu:

  - Bu məzardakı yaxınındırmı cavan oğlan?

  - Bəli dayı, əmimdi. Əmidən ziyadə ən yaxın dostum idi mənim.

  - Başın sağ olsun. 

  - Çox sağolun dayı.

 Biraz düşündükdən sonra yaşlı dayı soruşdu:

  - Ölmədən əminin imanı nə yerdəydi?

  - Anlamadım dayı.

  - Yəni İslama iman etmiş, İslam Dini üzərə yaşayan bir müsəlmanmıydı əmin? 

İsmayıl təəccüb və qəzəb dolu ifadə ilə cavab verdi:

  - O nə deməkdi dayı? Erməni zad deyilik ki biz...Əlbəttə müsəlman idi əmim. Düzdü namaz qılan, ibadət eliyən biri deyildi. Amma Allaha səmimi qəlbdən inanar, hər nə qədər içki içsə də həmişə peyğəmbərin, imamların adı çəkiləndə salavat çevirərdi.

  Yaşlı kişi sükut içində bir-birinin ardınca düzülən məzarları, ucu görünməz məzarlığı seyr elədi. Nəsə düşünür, daşlaşmış nəzərlər, qıyılmış gözlərlə uzaqlara baxırdı. Nəzərlərini təkrar İsmayıla çevirərək soruşdu:

  - Adın nədir cavan oğlan?

  - İsmayıldı dayı, bəs sizin adınız nədir?

  - Əhməd...Yuxarı tərəfdə, elə Xırdalanda qalıram. Hamı mənə "Əhməd dayı" deyir.

  - Çox gözəl. Mən gedim dayı, Allaha əmanət olun.

  - Allaha əmanət ol İsmayıl, bir gün onsuz da əvvəl-axır dönəcəyimiz yer buradır.

  - Elədir dayı...

  - Bəs o gün üçün azuqən varmı?

  - Nə azuqəsi?

  - Təvqa azuqəsi...

İsmayıl dillənmədən başını aşağı saldı. Əhməd dayı sözünə davam etdi:

  - Bax İsmayıl, Allahın Dini hər hansı bir irqə, xalqa, torpağa bağlı bir Din deyildir. Müsəlman olmaq ərəb, azərbaycanlı, rus olmaqla da bağlı deyildir. İslam təslim deməkdir İsmayıl, müsəlman da təslim olan deməkdir. Yəni Allah kitabında sadəcə Allaha, İslama təslim olanların müsəlman ola biləcəklərini bildirir. 

  - Müsəlman olmaq Allaha inanmaq deyilmidir? Nə qədər namaz qılmayan adamlar tanıyıram ki, Allaha səmimi qəlbdən inanırlar...Kimsəyə pislik eləməyən, kasıb-kusuba əl tutan, savab əməllər işləyən neçə-neçə namaz qılmayanlar var ki, çoxu namaz qılandan daha yaxşı insandılar...

  - Bax İsmayıl, bir insanın müsbət insani keyfiyyətlərə sahib olması ilə iman etməsi və müsəlman ola bilməsi fərqli şeylərdi. Deyə bilərsənmi İsmayıl, hər nə qədər bəzi xeyir əməllərə sahib olsalar da ilahı Allah olmayıb, Allaha təslim olmayanlar necə müsəlman ola bilərlər? Həyatında İslam olmayan, namaz, oruc kimi təməl ibadətlərdən uzaq, Allahın əmirlərindən kənar, günah və haramlarla çərçivəli həyat yaşayan insanlar hansı əsasa görə müsəlman qala bilərlər denən mənə İsmayıl...

  - Allaha inanan bir insanın necə ola bilər ki, ilahı Allah olmasın?

  - Allaha inanmaqla Allaha iman etmək, iman edib təslim olmaq fərqli şeylərdir İsmayıl. Allahın Rəsulu Hz.Muhammədlə (Allahın salamı olsun onun üzərinə) savaşan insanların ateist olduqlarını, Allaha inanmadıqlarınımı zənn edirsən yoxsa?

  - Əlbəttə Allaha inanmırdılar, Allaha inansaydılar Allahın peyğəmbərilə savaşmazdılar hər halda...

  - Səhvin var İsmayıl, səhvin var...Uca Allah kitabında müşriklərdən göyləri və yeri yaradanın, günəşi və ayı ram edənin kim olduğunu soruşduqda müşriklərin heç düşünmədən "Allahdır" deyə cavab verdiklərini bildirir. Yusuf surəsi 106-cı ayəyə baxdıqda isə hətta iman da edərlər, lakin şirk qoşmadan iman etməzlər Allaha. Allahın istədiyi imansa şirk qoşulmadan edilən imandır, yəni Allahdan başqa bütün saxta ilahları rədd edib tək ilah olaraq Allaha iman edib, Allaha təslim olmaqdır. 

  İsmayıl bir qədər düşündü...Birdən tez-tələsik cavab verdi:

  - Bəli, onlar Allahla yanaşı bütlərə də ibadət edirdilər, bütləri də ilahları sayırdılar. Orası yadıma düşdü, amma Azərbaycanda heç kimsə bütlərə ibadət eləmir axı...Kimnən soruşsan ilahının Allah olduğunu deyəcək heç düşünmədən. Kəlmeyi Şəhadəti belə bilməyən çox az adama rast gəlmişəm bu vaxtacan.

  Əhməd dayı yenə sakit və soyuqqanlı nəzərlərlə uzaqlara baxdı. Bir qədər susduqdan sonra soruşdu:

  - "Lə İləhə İlləllah" nə deməkdir İsmayıl?

  - Allahdan başqa Allah yoxdur deməkdir.

  - Yox İsmayıl, Allahdan başqa Allahın olmadığını onsuzda müşriklər inkar eləmirdi. "Lə İləhə İlləllah"" demək Allahla yanaşı başqa bir ilahın olmadığına iman etmək və Allahdan başqa bütün saxta ilahları rədd eləməkdir.

  - Bəli, elə demək istədiyim o idi. Allahdan başqa ilah yoxdu deməkdi.

  - Bəs ilah nə deməkdir İsmayıl? İlah deyəndə, bütün saxta ilahları rədd edəndə nəzərdə tutduğun nədir?

  İsmayıl cavab verə bilmədi. Amma bir qədər düşünüb yenə tələsik dedi:

  - İlah Allahdan başqa ibadət edilən bütlər, heykəllər deməkdi. 

  - Cavabın tam olmadı, yarım qaldı İsmayıl. Çünki, büt demək, saxta ilah demək sadəcə daşlardan yonulmuş, dəmirdən düzəldilmiş heykəllər deyildir. Uca Allah kitabında öz arzu istəklərini ilah edənlərdən danışır (Furqan surəsi, 43). Yəni insan öz şəxsi istəklərini və nəfsini fərqinə varmadan da ilahlaşdıra bilər. İlah insan həyatında ibadət edilən, qulluq edilən, tabe olunan, ən çox bağlanılan nə varsa odur. İslamın təməli Tövhiddir İsmayıl, Tövhidi bilməyənin imanı da keçərsiz qalar...

  Əhməd dayı bir qədər susduqdan yenə devam etdi:

  - Bir insanın həyatında bağlandığı, yönəldiyi, qulluq etdiyi, həyatının mərkəzində olan nədirsə, kimdirsə, hansı düşüncə və ideologiyadırsa onun ilahı da odur. Saxta ilahlar insan həyatında Allahın əmrinə müxalif olan arzu-istək, futbol komandası, irqi, adət ənənəsi, pulu, karyerası, ailəsi və s olaraq yer ala bilər. İslama iman edən bir müsəlman isə İslama iman etmədən öncə həyatında ola biləcək bütün bu saxta ilahları rədd edib, tək ilah olaraq Allaha iman edən, Allahın əmir və yasaqlarına görə yaşayan şəxsdir.

  Əhməd dayını diqqətlə dinləyən İsmayıl bu həqiqətləri ilk dəfə idi eşidirdi, hətta Tövhid-Şirk söyləmlərini ilk dəfə duyur, illərdir əzbərə bildiyi kəlmeyi-şəhadətin anlamını, ilah anlayışının nə demək olduğunu ilk dəfə idi birindən öyrənirdi. Məgər İslam təslim deməkmiş, Allaha olan təslimiyyət... Müsəlman olmaq da insan həyatında ola biləcək bütün saxta ilahları rədd etdikdən sonra Allaha iman edib, təslim olmaq və bu təslimiyyət içində yaşamaq deməkdir. Əlbəttə adil olan da bu idi. Yoxsa həyat tərzi İslam olmadığı halda sırf Azərbaycanlı olduğu üçün birilərinin müsəlman sayılması, həyat tərzi və düşüncəsi ilə o cür Azərbaycanlıdan fərqlənməyən bir rusunsa sırf rus olduğu üçün kafir olması əlbəttə adil ola bilməzdi. Allahsa ən Adil, ən Rəhmli olandır. Allahın Dininin ölçüləri də adil təməllər üzərində olmalı, insanlar arasında irq və coğrafiya fərqi qoymamalıydı. Demək ki, illərdir yalnış bir anlayışı mənimsəmişdi İsmayıl. Demək ki, doğulduğu coğrafiyadan asılı olmadan sadəcə Allaha iman edib, Tövhidi bir şüurla yaşayanlardır gerçək şəkildə müsəlman olanlar...

  Bir qədər düşündükdən sonra İsmayıl soruşdu:

  - Əhməd dayı, dediklərinizi düşünürəm, bütün dedikləriniz bilinməyən doğrulardır. Allaha təslimiyyət içində yaşamaq dediniz, bəs belə olan halda tanıdığım neçə namaz qılan, ibadət edən insanlar vardır ki, namaz qılmayan insanların belə etməyəcəkləri çirkinlikləri edir, yalan danışır, insanları aldadırlar. İman etdikləri təqdirdə ilahı pul olan, nəfsi olan, irqi olan neçə-neçə müsəlman tanıyıram mən. Anlatdığınız İslamla onların həyatındakı İslam arasında təzad yoxdurmu?

  Əhməd dayı razılıqla başını yelləyib dedi:

  - İlk nəsil müsəlmanlar iman edərkən nəyi-nələri rədd edib, kimə və nəyə iman etdiyinin fərqinə vararaq iman edirdi İsmayıl. Bu günün insanlarının çoxu isə namaza başlayır, İslama yönəlmək istəyir, lakin Allaha iman etmədən öncə ilk başda rədd etməli olduqları əsasları adlayır, o önəmli qismi nəzərdən qaçıraraq iman edirlər, bu da əlbəttə kamil iman deyil. Həyatlarında olan, rədd etməli olduqları saxta ilahların nələr və kimlər olduğunu düşünmədən, hesaba qatmadan edilən iman yaşadıqca öz fasadını da fərqli yönlərdən göstərir...

  İsmayıl Əhməd dayını dinlədikcə düşünürdü, Rəbbini düşünürdü, illərlə mənimsədiyi yalnışları və üzləşməli olduğu həqiqətləri düşünürdü. Artıq qaranlıqlaşmaqda olan səmaya baxdı İsmayıl, uzanıb gedən məzarlara, məzarlıqda yüksələn ağaclara baxdı. İlk dəfə idi qəlbində Allahı düşünmənin, Allahı sevmənin, Allahın varlığını hiss etmənin hüzurunu duyurdu. Və sanki ilk dəfə idi həqiqətən də Allahın əzəmətini, qüdrətini damarlarına qədər dərk edirdi...Bəli, artıq İsmayıl şüurlu şəkildə idrak edib tanımaq istəyirdi Rəbbini. Və sonsuz qudrət və əzəmət sahibi Allaha təslim olmaq istəyirdi. Biraz düşündükdən sonra sual verdi:

  - Mən Allahı sevirəm Əhməd dayı, mən Allahı sevir və Onun qəzəbindən qorxuram. Mən Allaha, İslama iman etmək, təslim olmaq istəyirəm. Bəs iman etmək üçün mən indi nə etməliyəm?

  Əhməd dayı gülümsədi, məmnuniyyət dolu nəzərlərlə dedi:

  - Verməli olduğun sualı verdin İsmayıl. Allah ona yönəlmək, təslim olmaq istəyən heç bir qulunu geri çevirməz. Öncə həyatında yer tuta biləcək, saxta ilah adına yer alan nə varsa onu təsbit et. Sonra bütün o saxta ilahları, saxta anlayışları, saxta və batil inancları rədd edərək və tövbə edib, özünü islah etmiş şəkildə Allaha təslim ol. İnanki  o zaman Allah sənə tək haqq Din olan İslamın qapılarını taybatay açacaqdır. Din həyat tərzi deməkdir İsmayıl, həyat tərzini İslamiləşdir ki, Dinin də İslam olsun.

  Sonra havaya baxıb əlavə etdi:

  - Hava qaranlıqlaşıb İsmayıl, axşam namazını qılmalıyam, hələlik mən gedim. Yuxarı məhlələrdən kimnən "Əhməd dayı" deyə soruşsan ünvanımı göstərər.

  Əhməd dayı daşın üstündəki kitabını götürdü, sonra cibindən bir vərəq çıxarıb İsmayıla uzatdı:

  - Namaz vərəqidir İsmayıl, bu sənə lazım olacaq. Unutma ki, iman bir iddiadır, hər iddia da isbat istər. İnsan iki şəkildə Allah tərəfindən yaxalanır, ya Allahdan qaçanda, ya da Allaha tərəf qaçanda. Bu məzarlıq Allahdan qaçan və ya Allaha tərəf qaçan insanlarla doludur. Və hər biri yaxşı və pis bir ömrü başa vuraraq gəliblər bu məzarlığa. Ölüm bizi də bir gün tapacaq mütləq, ən gözəli Allaha tərəf qaçan yerdə tapsın. Tək qurtuluş da budur.

  - Mənə dua et dayı.

  - Mənim gözüm üstə İsmayıl. Hələlik, Allaha əmanət ol.

  - Siz də Allaha əmanət olun dayı. 

  Əhməd dayı məzarlıqdan uzaqlaşdı, İsmayılsa onun ardınca hüzur dolu bir qəlb, yaşarmış gözlərlə baxdı. Bəli, İsmayıl atasının qoxusunu aldığı əmisinin məzarını ziyarət edərkən daha gözəl və ən şirin qoxunu alacağı insanı tapmışdı, İslamın qoxusunu alacağı Əhməd dayını tapmışdı İsmayıl. Və İsmayılın artıq tez-tez baş vuracağı yeni ünvanı da bəlliydi...Bu düşüncələrlə məzarlıqdan ayrılıb hüzur dolu addımlarla irəliləyirdi. Çünki məzarlıqda hidayətə qovuşmuş, məzarlıqda hidayəti tanımış, ölülərin olduğu yerdə dirilişin aydınlığını tapmışdı sanki. Bir anlıq durdu, geriyə çevrildi, əmisinin və uşaqlıq dostu Ədalətin dəfn edildiyi yerə tərəf baxdı. Hər əmisinin yanından ayrılanda əmisinin "çatanda xəbər elə" sözünü yadına salaraq gözləri doldu. Və məzarlıqdan hidayətə doğru yol alan İsmayıl səssizcə pıçıldadı ""sağol Ədalət, sağol Elçin əmi..."

YORUMLAR
Henüz Yorum Yok !
Diğer Yazıları

Makaleler

Hava Durumu


VAN